Azərbaycanda inflyasiyanın sürəti əhalinin gəlirlərinin artması tempini - KƏSKİN ÜSTƏLƏYİB

Azərbaycanda inflyasiyanın sürəti əhalinin gəlirlərinin artması tempini - KƏSKİN ÜSTƏLƏYİB

İlkin məlumatlara görə, 2021-ci ilin yanvar-noyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 51 milyard 619,3 milyon manat və ya hər nəfərə orta hesabla 5 min 153,3 manat təşkil etmişdir.

Eləcə də bax: Azərbaycanda ərzaq qiymətlərinin artımı - 15%-İ KEÇDİ – RƏSMİ

FED.az xəbər verir ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 2,5 faiz artıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 46 milyard 209,4 milyon manatlıq vəsait qalmışdır.

2021-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manat təşkil etmişdir. Əməkhaqqı neft-qaz sektorunda 3 min 157,3 manat, qeyri neft-qaz sektorunda 674,0 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 641,5 manat, özəl müəssisələrdə isə 819,3 manat olmuşdur.

2021-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) oktyabr ayı ilə müqayisədə 1,5 faiz, 2021-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 6,2 faiz artıb.

Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi ötən ilin noyabr ayına nisbətən 11,1 faiz artıb.

2021-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi  ötən ilin noyabr ayına nisbətən 14,9 faiz artıb.

Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2021-ci ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 0,9 faiz, 2021-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 3,9 faiz artıb.

2021-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi oktyabr ayı ilə müqayisədə 1,9 faiz, 2021-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 7,4 faiz artıb. (Marja)

16 Dekabr 2021

Digər xəbərlər